
İlk öncə unutmayın ki, sakit qala bilmək və özünü itirməmək xəstəyə göstəriləcək ən önəmli yardımdır.
- Xəstənin yanında qalın və tutmanın başladığı vaxtı qeyd edin — tutmanın müddətini bilmək vacibdir.
- Özünü yaralamaması üçün ətrafdakı iti, kəsici və sərt əşyaları kənarlaşdırın, başının altına yumşaq bir şey (məsələn, qatlanmış gödəkçə) qoyun. Boynunu sıxan yaxalığı, qalstuku boşaldın.
- Tutma zamanı xəstənin hərəkətlərini zorla saxlamağa, onu tutub sıxmağa və ya yerindən dartmağa çalışmayın. Onu yalnız yol, su, od kimi birbaşa təhlükə olduqda kənara çəkin.
- Xəstənin ağzına heç nə qoymayın. Çənədə kilidlənmə olduğu zamanlarda qaşıq, taxta kimi hər hansı bir cisim və ya əllə xəstənin ağzını açıq saxlamağa və ya açmağa cəhd edilməsi kökündən yanlış bir davranışdır. Belə müdaxilələr zamanı həm özünüz yaralana bilərsiniz, həm də xəstənin dişinin qırılmasına, çənə sümüyünün və ağız boşluğunun zədə almasına səbəb ola bilərsiniz. Eyni zamanda xəstə nəfəs almaqda da çətinlik çəkə bilər.
- Tutmanın tez qurtarması üçün xəstənin üzərinə su atmaq, nəsə qoxlatmaq, şillə vurmaq da düzgün davranışlardan deyil! Bu tutmalar beyin mənşəli olduğu üçün sizin hər hansı, belə müdaxilənizlə deyil, beyindəki anormal fəaliyyətlər bitincə, tutmalar da sönəcəkdir.
Əksər tutmalar 1-3 dəqiqə ərzində öz-özünə keçib gedir. Aşağıdakı hallarda isə dərhal 103-ə zəng edin:
- tutma 5 dəqiqədən çox davam edirsə;
- tutmalar bir-birinin ardınca təkrarlanırsa və xəstə arada özünə gəlmirsə;
- xəstə tutma zamanı zədə alıbsa;
- tutmadan sonra nəfəs almaqda çətinlik varsa və ya xəstə uzun müddət özünə gəlmirsə;
- bu, insanın ilk tutmasıdırsa;
- tutma hamilə qadında və ya suda baş veribsə.
Qıcolmalar bitdikdən sonra xəstəni yan üstə — bərpa vəziyyətinə çevirin: bu, tüpürcəyin ağızdan axmasına və nəfəs yolunun açıq qalmasına kömək edir. Xəstənin sizə yaxın olan qolunu dirsəkdən bükərək yuxarı qoyun, digər əlinin arxasını yanağının altına yerləşdirin. Uzaq tərəfdəki dizini bükün və dizindən tutaraq xəstəni ehtiyatla özünüzə doğru yan üstə çevirin. Nəfəs yolunun açıq qalması üçün başını azca arxaya əyin və çənəsini bir az qaldırın. Xəstə tam özünə gələnə qədər yanında qalın, sakit danışın və nə baş verdiyini izah edin. Tam özünə gələnə qədər ona su, yemək və ya dərman verməyin.