
Panik atak nədir?
Panik atak real təhlükə olmadığı halda qəflətən başlayan, bir neçə dəqiqə ərzində ən yüksək həddə çatan şiddətli qorxu və narahatlıq tutmasıdır. Tutma güclü bədən əlamətləri ilə müşayiət olunur və çox vaxt 5–20 dəqiqə davam edir.
Panik atak zamanı ürək döyüntüsü, tərləmə, sinədə ağrı və sıxışma, titrəmə, ürəkbulanma, baş gicəllənməsi kimi hisslər normaldan qat-qat güclü yaşanır. Buna idarəni itirmə, dəli olma və ya ölüm qorxusu qoşulur. Həyatda bir-iki dəfə panik atak keçirmək nisbətən çox rast gəlinir. Ataklar təkrarlanırsa və insan növbəti atak qorxusu ilə yaşamağa başlayırsa, bu vəziyyət panik pozuntu adlanır.
Panik atakın səbəbləri və risk amilləri hansılardır?
Panik pozuntunun yaranmasında bir neçə amil birlikdə rol oynayır.
- Bioloji amillər — beyində sinirlər arasında ötürülməni təmin edən maddələrin tənzimlənməsində dəyişikliklər və irsi meyillilik.
- Psixoloji amillər — adi ürəkdöyünmə, nəfəs darlığı kimi bədən hisslərini yanlış olaraq «infarkt, insult, astma» kimi təhlükəli xəstəliklərin əlaməti kimi qəbul etmək. Bu qorxu əlamətləri gücləndirir və qapalı dövrə yaranır.
- Həyat hadisələri — ağır stress, itki, uşaqlıq dövründə travma.
- Kofein, alkoqol və bəzi maddələrin qəbulu və ya kəsilməsi atakları provokasiya edə bilər.
Panik atakın əlamətləri necədir?
Panik atak zamanı adətən aşağıdakı əlamətlərdən bir neçəsi eyni vaxtda müşahidə olunur (diaqnozu yalnız həkim, digər səbəbləri istisna etdikdən sonra qoyur).
- Ürək döyüntülərinin sürətlənməsi
- Tərləmə, üşütmə və ya isti basması
- Titrəmə
- Boğulma, nəfəsin kəsilməsi hissi
- Sinədə ağrı və ya sıxışma
- Ürəkbulanma və ya qarında narahatlıq
- Baş gicəllənməsi, gözlərin qaralması, huşunu itirmək qorxusu
- Keyimə və ya gizildəmə
- Ətrafı və ya özünü qeyri-real hiss etmək
- Özünə nəzarəti itirmək və ya dəli olmaq qorxusu
- Ölüm qorxusu
Panik pozuntunun aqrofobiya ilə birlikdə olan forması da var: insan «birdən yenə olar və kömək ala bilmərəm» qorxusu ilə izdihamlı yerlərdən, nəqliyyatdan, evdən uzaqlaşmaqdan çəkinir və özünə «təhlükəsiz» məkanlar seçir.
Nə vaxt təcili yardım lazımdır?
Bilməlisiniz ki, panik atakın özü həyat üçün təhlükəli deyil və dəli olmaya səbəb olmur. Lakin sinədə ağrı, nəfəs darlığı, huşun itməsi kimi əlamətlər ilk dəfə yaranırsa və ya adi ataklarınızdan fərqlidirsə, onları panik atak saymazdan əvvəl ürək və digər ciddi səbəblər istisna edilməlidir — belə halda dərhal 103-ə zəng edin və ya təcili yardım şöbəsinə müraciət edin. Özünə zərər vermək fikirləri yaranarsa da təcili kömək istəyin.
Panik atak necə diaqnoz edilir?
Diaqnoz şikayətlərin ətraflı soruşulmasına əsaslanır. Oxşar əlamətlər ürək ritmi pozulmaları, qalxanabənzər vəzin artıq fəaliyyəti, qanda şəkərin enməsi, astma, bəzi dərman və maddələrin təsiri, nadir hallarda epileptik tutmalarla da yarana bilər. Buna görə həkim lazım bildikdə EKQ, qan analizləri, nevroloji müayinə və EEQ təyin edir. Panik pozuntu tez-tez depressiya ilə birlikdə olur, ona görə əhvalın da qiymətləndirilməsi vacibdir — bu barədə: Bəlkə də depressiyadayıq.
Panik atak necə müalicə olunur?
Müalicənin məqsədi panik atakları azaltmaq və mümkün qədər tam aradan qaldırmaq, xəstənin panik ataka münasibətini dəyişmək, müşayiət edən psixoloji problemləri aradan qaldırmaq və vəziyyət barədə tam məlumat verməkdir.
- Psixoterapiya — xüsusən koqnitiv-davranış terapiyası panik pozuntuda effektivliyi sübut olunmuş əsas üsuldur.
- Dərman müalicəsi — ehtiyac olduqda həkim uzunmüddətli qəbul üçün uyğun dərman seçir.
Çox vaxt ən yaxşı nəticə hər ikisinin birlikdə tətbiqi ilə əldə olunur. Hansı yanaşmanın seçiləcəyinə həkim fərdi qərar verir. Sakitləşdirici dərmanları özbaşına və uzun müddət qəbul etmək asılılıq riski yaratdığı üçün yolverilməzdir.
Atak zamanı və gündəlik həyatda nə kömək edir?
- Atak zamanı yavaş, dərin nəfəs alın: burundan nəfəs alıb ağızdan yavaş-yavaş buraxın.
- Özünüzə xatırladın ki, bu hiss keçəcək və təhlükəli deyil.
- Diqqəti ətrafdakı konkret əşyalara, səslərə yönəldin.
- Müntəzəm fiziki aktivlik edin, yuxu rejiminə əməl edin.
- Kofeini və alkoqolu azaldın.
- Qorxduğunuz yerlərdən tamamilə qaçmaq qorxunu gücləndirir — bununla terapevtlə birlikdə işləyin.
Tez-tez verilən suallar
Panik atakdan ölmək olarmı?
Xeyr, panik atakın özü öldürücü deyil. Lakin ilk dəfə yaranan sinə ağrısı və nəfəs darlığında ürək səbəbləri istisna edilməlidir.
Panik atak tam keçirmi?
Müalicə ilə insanların çoxunda ataklar xeyli azalır və ya tamamilə keçir. Nə qədər erkən müraciət edilərsə, bir o qədər yaxşıdır.
Hansı həkimə müraciət etmək lazımdır?
İlk müraciət nevroloqa, terapevtə və ya psixiatra ola bilər; bədən səbəbləri istisna edildikdən sonra müalicəyə psixoterapevt və ya psixiatr qoşulur.
Panik atak yuxuda da ola bilərmi?
Bəli, bəzi insanlarda gecə panik atakları olur: insan qəflətən güclü qorxu, ürəkdöyünmə və nəfəs darlığı ilə oyanır. Oxşar gecə epizodları yuxu apnoesi, ürək ritmi pozulmaları və ya gecə tutmaları ilə də yarana bildiyi üçün həkim müayinəsi lazımdır.
Kofein və enerji içkiləri panik ataka təsir edirmi?
Kofein ürəkdöyünmə və narahatlıq hissini gücləndirə bilər, bəzi insanlarda isə atakları provokasiya edir. Panik atakları olan insanlara adətən kofeini azaltmaq tövsiyə olunur.