
Əsəblərinizi düzələ biləcək hallar üçün pozmayın!
Günümüzdə sinir sistemi xəstəlikləri olduqca geniş yayılmışdır. Buna səbəb bir çox daxili və ətraf mühitin xarici faktorlarıdır. Sinir sistemi xəstəlikləri yalnız özünün deyil, həmçinin digər orqanların xəstəlikləri və əlamətləri kimi də özünü büruzə verə bilir. Sinir sistemi xəstəlikləri zamanı ən təhlükəli məqam ondan ibarətdir ki, sinir hüceyrələrinin məhv olduqdan sonra öz-özünü bərpa (regenerasiya) etmək qabiliyyəti çox məhduddur.
Sinir sistemi mərkəzi (baş və onurğa beyin) və periferik (baş və onurğa beynindən çıxan və ətraf sinirlər) olmaqla iki böyük şöbəyə ayrılır. Sinir sisteminin özündən qaynaqlanan xəstəliklərə epilepsiya, baş ağrıları, demensiya (ağlın zəifləməsi, qazanılmış bilik və vərdişlərin itirilməsi, yenilərinin mənimsənilməsinin çətinləşməsi), Alsheymer və Parkinson xəstəlikləri aiddir. Yuxu pozğunluqları, depressiya və həyəcan pozuntuları da sinir sistemi ilə sıx bağlıdır və «sadə» problem sayılmamalı, ciddi yanaşma tələb edir. Digər orqan və xəstəliklərdən mövcud olan sinir xəstəliklərinə isə xüsusən nisbətən yaşlı insanlarda ürək-damar, endokrin problemləri, triod- qalxanabənzər vəzi problemləri, şəkərli diabetlə əlaqəli ikinci dərəcəli sinir xəstəlikləri aiddir.