
Epilepsiya və qıcolma tutması hər zaman eyni məna kəsb etmir. Yəni hər qıcolma Epilepsiya demək deyil!
Qıcolma tutması baş beyin qabığı neyronlarının anormal ifrat, paroksizmal və sinxronlaşmış impulsasiyası nəticəsində hissi, hərəki, davranış pozulması və ya EEQ müayinəsində müvafiq dəyişikliyin qeyd olunmasıdır. Bəzi insanlarda həyatında yalnız 1 dəfə müxtəlif xarici provokativ səbəblərdən qıcolma tutması qeyd oluna bilər. Xarici provokativ səbəblər dedikdə intoksikasiyalar, travmalar, istivurma, yuxusuzluq və s. nəzərdə tutulur.
Lakin epilepsiya təkrarlanan və xarici səbəblərdən provokasiya olunmadan qıcolma tutmaları ilə xarakterizə olunur. Provokasiya olunmuş qıcolma ola bilsin ki, Epilepsiya xəstəliyi demək deyil. Həmçinin Epilepsiya ilə bağlı huş itirilməsində xəstələr gözlərini kip bağlamırlar. Epileptik sindrom qıcolma tutmalarının davamlı olaraq birgə, eyni tipdə qeyd olunan simptom və əlamətlərinin məcmusudur.