Elmi adı Tremor olan titrəmə iradəmizdən asılı olmayaraq, daha çox əllərdə, bəzən isə baş nahiyəsində, ayaqlarda, hətta səs tellərində olur. Adətən titrəmələr həyəcan, stress və psixi gərginlik zamanı artır. Müxtəlif nevroloji, mübadilə və endekrinoloji xəstəliklər titrəməyə səbəb ola bilər.
Müəyyən dərəcədə əllərin əsməsi normal insan üçün normal haldır. Belə tremor geniş yayılıb. Fizioloji titrəmə adlanan bu tremoru yaradan və gücləndirən səbəblər çoxdur, əksəriyyəti həyat tərzi ilə əlaqədardır.
1. Yorğunluq
2. Kofein (həddini aşmaq)
3. Stress, həyəcan - psixoloji əsmə verir
4. Bəzi dərmanlar - hormonal dərmanlar, antidepressantlar, litiy kimi preparatlar əllərin əsməsinə səbəb ola bilər
Əgər hər hansı preparat qəbul edirsinizsə, bu preparat da sinir sisteminizə əks təsir göstərə bilər. Əks təsir nəticəsində, əllərdə və bədənin digər nahiyələrində titrəmə müşahidə olunur. Preparatların qəbulu ilə titrəmənin başlaması arasındakı zaman kəsiyinə diqqət etmək çox önəmlidir. Bu problem yaranan zaman mütəxəssislərə müraciət etmək lazımdır.
Əsəbi olan zaman titrəmələr daha kəskin bir hal alır. Titrəmələrin artmasının digər bir səbəbi endekrinoloji problemlərdir. Qalxanabənzər vəzin hormonal fəaliyyətinin artması, həm əsəbilik, həm də əllərdə titrəməyə səbəb ola bilər. Bu hal müşahidə olunan zaman mütləq endekrinoloji müayinədən keçmək lazımdır.
Bəzən adi bir hal kimi görünən titrəmə, hər hansı bir nevroloji xəstəliyin ciddi əlaməti ola bilər. Titrəmələr parikson xəstəliyi zamanı sakitlikdə, essensial tremor xəstəliyi olan zaman isə daha çox hərəkətdə olanda özünü biruzə verir.