Ağırlaşmaların qarşısını alan müalicə üsulları
Effektiv müalicə taktikasının seçilməsi üçün hər bir konkret şəxsdə xəstəliyin gedişinin bir çox aspektini nəzərə almaq lazımdır. Bütün xəstələrdə simptomlarmüxtəlif olduğundan, dağınıq sklerozun müalicəsi də çox fərdidir.
Lakin bəzi ümumi müddəalar var ki, onlara DS olan bütün xəstələrə müalicə təyin edərkən riayət olunmalıdır :
- Müalicəyə mümkün qədər tez başlanılması;
- Dərman vasitələrinin daim qəbul olunması (növbəti kəskinləşmənin qarşısını almaq və proqressivləşməni yavaşıtmaq üçün hətta remissiyalar zamanı da);
- Yeni zədələnmələrin yaranmasına imkan verməmək məqsədilə autoimmun iltihabi prosesin qarşısını alan dərmanların istifadəsi;
- Daha böyük müalicəvi effektə nail olmaq üçün müxtəlif dərman vasitələrinin birgə tətbiq edilməsi.
Bütün müalicə vasitələri 2 qrupa bölünür: patogenetik (dağınıq sklerozun inkişaf mexanizminə təsir göstərir) və simptomatik müalicə vasitələri. Bundan əlavə, kəskinləşmə və remissiya mərhələlərində aparılan müalicə taktikası bir-birindən xeyli fərqlənir.
- Patogenetik müalicə həm xəstəliyin başlanğıcında, həm kəskinləşmə, həm də remissiya mərhələlərində aparılır. Bu cür müalicənin məqsədi autoimmun iltihabi prosesi dayandırmaq və miyelin qişasının məhvinin qarşısını almaqdır.
- Simptomatik müalicə növü dağınıq skleroz zamanı artıq meydana çıxmış simptomların şiddətini azaltmaq məqsədilə müxtəlif dərman vasitələrinin istifadə edilməsindən ibarətdir. Simptomatik müalicə həm kəskinləşmə, həm də remissiya mərhələlərində aparılır. Qısacası simptomatik müalicı adından da bəlli olduğu kimi simptomlara əsasən aparılır.