Epilepsiya - təkrarlanan tutmalarla (qıcolmalarla) xarakterizə olunan baş beyinin xəstəliyidir. Günümüzdə Epilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biridir.
Epilepsiyalı xəstələrin böyük əksəriyyətində tutmalar qəflətən baş verir. Bəzi xəstələrdə tutmadan bir neçə saat öncə əsəbilik, narahatlıq, başgicəllənmə, başağrı qeyd olunur. Bəzən tutmadan öncə aura meydana gəlir. Aura - lokal tutmaya uyğun ilk subyektiv simptomdur. O, huşun itməsindən öncə gəlir. Bəzi hallarda aura xəstəliyin yeganə əlaməti ola bilər. Auralar keylik hissi, qulaqlarda cingilti, işıq qığılcımı, ağızda hər hansı dad hissiyyatı, istilik hissi və s. kimi meydana çıxır. Aurası olan xəstə bilir ki, onun ardınca tutma gəlir və həmin an oturmağa və ya uzanmağa çalışır ki, yıxılmadan, zədələnmədən özünü qorusun.
Epilepsiyanın səbəbləri müxtəlifdir. Bir sıra hallarda xəstəliyin səbəbi irsi - genetik faktordur. Epileptik tutmaların mənbəyi beyindir. Beynimizin nizamlı şəkildə fəaliyyət göstərməsinə mane olacaq hər bir faktor buna səbəb kimi sayıla bilir.
Ümumi halda xəstəlik klinik olaraq iki formaya bölünür :
Geniun Epilepsiya – uşaqlarda heç bir səbəb olmadan, genetik faktor, irsiyyətlə əlaqəli yaranan
Simptomatik Epilepsiya – hər hansı bir səbəbdən yaranan
Orqanizmin ümumi inkişafı zamanı yaranan anormallıqlar, ana bətnindəykən dölün məruz qaldığı infeksiyalar, toksik maddələr,doğuş zamanı uşağın oksigensiz qalması, doğuşdan sonra keçirilən beyin infeksiyaları, beyin şişləri, başa alınan travmalar, zəhərlənmələr, beyin xərçəngi, beyinə qansızma, beyin damar tıxanıqlıqları, bəzi dərmanlar, alkoqol aludəçiliyi, metobolik pozuntular da epileptik tutmalara səbəb ola bilir.