Dağınıq Skleroz riski daşıyanlar və Profilaktika tədbirləri
Digər nevroloji xəstəliklər kimi Dağınıq sklerozlu xəstələrin həyat müddətinə vaxtında diaqnozun qoyulmasının əvəzsiz təsiri var. Çox halda bu xəstəliyin ilk simptomları xəstə tərəfindən nəzərə çarpmaya bilər və o, tibbi yardım üçün həkimə müraciət etməz və bu səbəbdən də xəstə aktual müalicə almaz. Əgər xəstəliyin lap əvvəlində müalicəyə başlanarsa, bu, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırar, bir çox hallarda xəstəliyin inkişafını dayandırar, əlilliyin qarşısını alar və həyat müddətini uzadar.
Dağınıq skleroz xəstələrinin ömrünün uzunluğuna bir çox amillər təsir edir :
- xəstəliyin gediş növü;
- diaqnozun vaxtında qoyulması;
- xəstənin profilaktik müalicə alması;
- xəstəliyin başlanğıcında həmin şəxsin yaşı;
- yanaşı xəstəliklərin olması
- DS-un ağırlaşmalarının (yataq yaraları; sidik yollarının, ağciyərlərin və s. infeksiyaları) inkişafı.
Keçən əsrin əvvəllərində dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər xəstəliyin əlverişli gedişi halında maksimum 30 il yaşayırdılar. Günümüzdə isə onların həyat müddəti əhəmiyyətli dərəcədə artmışdır.
Xoşbəxtlikdən xəstəliyin remittent forması həmişə daha əlverişli proqnoza malik olmuşdur. Təxminən 70% hallarda belə xəstələrdə qısa müddətli kəskinləşmələr uzun sürən remissiyalarla əvəz olunur ki, bu dövr ərzində itirilmiş funksiyaların bərpası baş verir.